“Dünən günorta saatlarında
Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti
hərbi təxribat törədib. Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən
hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində
bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta
saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak
olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl
nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət
etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.
Deyə bilərəm ki, Ermənistanın
növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir.
Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa
uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir
santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.” Bu fikirləri İyulun 13-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının
iclasında çıxışı zamanı söyləyib.
Prezident İlham Əliyev qeyd
edib ki, “Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyəti
qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat
verilib və sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi
rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə
görə belə hadisələr baş verir. Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət
edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin
möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək
Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki
əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı
uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan
öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.
Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr
bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı
yerdə qalmayıb və qalmayacaq.
Bu çirkin əməllərə əl atmaq
onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək
mümkün deyil. Çünki, bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan
üçün böyük təhlükə mənbəyidir. Çünki, mən dəfələrlə demişəm, bir daha demək istəyirəm
ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə
barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi
bütövlüyünü bərpa etsin.”
“Hesab edirəm ki, bu təxribatın
digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük
uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların Zirvə görüşləri
keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş
tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün
əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid
edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində
öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə
cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini
tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.
Ona görə beynəlxalq arenada
Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət
qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən
başa düşülür ki, bu, xülyadır, bu, yalandır. Əlbəttə ki, dünənki hadisə ilə
bağlı Ermənistan rəsmi orqanlarının açıqladığı məlumat yalanın növbəti əlamətidir.
Bu məlumatda onlar məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Halbuki
buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, - bütün müstəqil
ekspertlər bunu təsdiq edə bilər, - heç bir əsas olmadan bizim hərbi postumuza
artilleriya zərbəsi endirilib. Məhz bunun nəticəsində bizim hərbçilərimiz həlak
olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki,
qəflətən bizim hərbi postumuza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha
öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular.
Mən bir daha demək istəyirəm
ki, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Hərbçilərimizin qisası
alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə
qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq
və düşmənə yenidən onun öz yerini göstərəcəyik.”-deyə, Prezident İlham Əliyev
bildirib.
0 Комментарии