.

.

Ürəklərdə yaşayan Süleyman Camalov

Azərbaycanımız vüqarlı, məğrur, istedadlı bir ziyalısını, dəyərli bir övladını – Süleyman Camalovu itirdi. Bu itkinin harayından düşünürsən, daşınırsan, qövr edirsən, ağrını, üzüntünü ifadə edəcək bir söz tapmırsan…

Süleyman müəllimin itkisi ürəkləri göynətdi, doğmalarına, yaxınlarına, onu tanıyanların hamısına acı – ağrı, nisgil gətirdi.

Bu, həyatın çətin yollarından, sınaqlarından üzüağ çıxan, bütün nəcib insani keyfiyyətləri özündə cəmləşdirən, qəlbində mərhəmət, ləyaqət, sonsuz sevgi gəzdirən, şərəfli ömür yaşayan və hər kəsin ürəyində özünə taxt-tac qura bilən ata itkisi idi.

Ziyalı kimi Süleyman müəllim qəlbində, idrak dünyasında, mənəvi aləmində gəzdirdiyi əzəməti ilə seçilirdi.

Vətəndaş kimi Süleyman müəllim gözəl fikirlərin, düşüncələrin hökmüylə yaşayırdı. Özünə bu günün gözüylə yox, sabahın gözüylə baxırdı.

Şagirdlərini aydınlığa çıxaran işığa bənzəyən müəllim kimi Süleyman müəllim, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə göstərən, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıq idi.

Süleyman Səlim oğlu Camalav 4 yanvar 1939-cu ildə qədim Zəngəzur mahalının Günqışlaq kəndində anadan olub.

Qafanda orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra orduda xidmət edib. 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

Qafanda məzunu olduğu 4 nömrəli şəhər orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb, direktor müavini, dərs hissə müdiri, partiya təşkilatı katibi vəzifələrində çalışıb.

4 nömrəli orta məktəb Qafanda yeganə Azərbaycan məktəbi idi ki, Süleyman Camalov 1986-cı ildən həmin tədris müəssisəsinin direktoru olub. Özü də saf, halal, vicdanlı, dürüst direktor olub.

1988-ci ildə məlum hadisələrlə əlaqədar Süleyman müəllim doğma Qafanı ömür-gün yoldaşı Bəsti xanımla birgə noyabrın 24-də sonuncu tərk edən  sədaqətli, mübariz  Vətən övladı olub.

Sumqayıtda məskunlaşandan sonra 20 nömrəli məktəbdə, sonra isə Nizami Gəncəvi adına Sumqayıt TTEL-də tarix müəllimi işləyib. Sevimli şagirdlərinə həmişə deyərmiş ki, var-dövlət, dəbdəbə parçalanar, paralanar, kiçilər, itər, elm və bilik isə pərvazlanar.

Ulu öndərimiz Heydər Əliyev bildirirdi ki, müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini, uşaqların tərbiyəsini yalnız ona etibar edir. Şəxsən mənim müəllimə həmişə böyük hörmətim olubdur.

Dahi insanların bu hörmətinin halal sahiblərindən biri də Süleyman Camalovdur.

Süleyman müəllim çox diqqətli, həssas, qayğıkeş insan idi. Yadımdadır, xəstəxanada əməliyyat olunmuşdum. Palatda ilk gördüyüm Süleyman müəllim oldu. Çətin günün adamı idi, dərd əhli idi.

Saf düşüncələr, saf niyyətlər, saf əməllər qaynağı idi Süleyman müəllimin geniş ürəyi.

Süleyman müəllimlə sevincli, fərəhli günlərimiz də olub. Həmin bəxtəvər günləri heç vaxt unutmayacağam. Dünyalar qədər sevdiyi övladlarının – Fəridənin, Oqtayın toyunda qol açıb oynamışıq, birlikdə şadlanmışıq.

O şirin günlərimizdə heç ağlıma da gəlməzdi ki, Süleyman müəllim bir vaxt gələcək bizi əbədi tərk edəcək. O nur üzlü insanın xoş simasını bir daha canlı görməyəcəyəm, mənalı sözlərini, faydalı məsləhətlərini eşitməyəcəyəm.

Nikbin, ümidli və gələcəyə inanan insan idi Süleyman müəllim. Ən gərgin vaxtında belə təmkinini pozmazdı.

Bu cür gözəl insanın ömrünə qəsd edən talehin amansızlıqları ilə heç cür razılaşmaq olmur.

Vəfatından iki-üç gün öncə oğlu Oqtayla telefonda danışdım. Süleyman müəllimin səhhətini soruşdum. Ata yaxşı deyil – cavabını aldım. Oqtaya ürək-dirək verdim, iltimasla Tanrıya müraciət etdim. 

Ürəyimdə fikirləşdim ki, vaxt tapıb mütləq Süleyman müəllimə dəyəcəyəm. Qayğılar, problemlər buna imkan vermədi. Amansız, etibarsız əcəl də öz işini gördü. Bu nisgil hələ də ürəyimdə dolanır.

Sevinclə, kədərlə, arzuyla, sevgiylə dolu olan bu gözəl və mürəkkəb dünyada Süleyman müəllimin şərəfli adı  əbədi qalacaqdır.

Həmişə qəlbimdəsən, əziz insan, kamil şəxsiyyət!

Mən bu qeydlərimi Süleyman müəllimin gülərüzlü şəklinə kədərlə baxıb yazdım.

Atalar ölmür, onlar cismən ayrılırlar bu dünyadan və sevdiklərindən. Ürəklərdə əbədi yaşamaq haqqı qazanaraq, xatirələrimizdə var olaraq, nəfəs aldıqca bizimlədirlər.

Tanrı Süleyman müəllimdən rəhmətini əskik etməsin!

Ədalət Abdinov













Отправить комментарий

0 Комментарии