Milli Məclisin deputatlarının "Azərbaycan" qəzetinə açıqlamalarını dərc edirik:
Heydər Əliyevin müəyyən etdiyi inkişaf siyasəti layiqincə davam etdirilir
Məzmunundan və mahiyyətindən
asılı olmayaraq, istənilən siyasi-iqtisadi və ictimai prosesin xalqın
maraqlarına uyğun nəticə verməsi birinci növbədə dövlətin rəhbərinin fəaliyyətindən
və qətiyyətindən asılıdır. Lakin mübarizələr yolu keçmiş dövlətlərin, eləcə də
Azərbaycanın tarixi göstərir ki, müdrik və uzaqgörən siyasətçilər həm də
tarixin gərdişini öz ölkələrinin və xalqlarının ümummilli maraqlarına uyğun dəyişməyi
bacarırlar.
Bu gün müasir Azərbaycanda ilk dəfə rəhbərliyə başlamasının növbəti ildönümü tamam olan Heydər Əliyev məhz belə, yəni tarixi inkişaf proseslərinin öx xalqının maraqlarına uyğun təmin etməyi bacaran görkəmli dövlət xadimi idi.
Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz missiyası 1969-cu ilin 14 iyul tarixindən başlayır. Sovet hakimiyyəti dövrünün məlum tələblərinə, sərt ideoloji rejimə baxmayaraq, Ulu Öndər ilk gündən öz fəaliyyəti ilə mövcud stereotipləri alt-üst etmiş və vətəndaşlar ölkədə pozitiv dəyişikliklərə doğru dönüşün əsasının qoyulduğunu hiss etməyə başlamışdılar. Sovet dövrünün siyasi-ideoloji çətinliklərinə rəğmən Ulu Öndərin tamamilə yeni idarəçilik metodları, problemlərin həllinə fərqli baxışları, mütərəqqi kadr siyasəti ilə ölkənin inkişafına və yüksəlişinə xidmət edən fəaliyyət nümunəsi ortaya qoyması ilk gündən cəmiyyəti ruhlandırmışdı. Tezliklə Azərbaycanda bütün sahələrdə baş verən irəliləyiş, respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə ittifaq miqyasında qabaqcıl yerlərə çıxması nəticəsində ictimaiyyət Heydər Əliyevin əsl quruculuq missiyası ilə xalqa rəhbərliyinin şahidi oldu. Qısa zaman kəsiyində Azərbaycan keçmiş sovet ittifaqının tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Bu gün də Azərbaycanın iqtisadi həyatına böyük töhfələr verən bir sıra zavod və müəssisələr məhz Heydər Əliyevin uzaqgörənliyi və təşəbbüsləri ilə ölkəmizdə yaradılmışdı.
Xalqımızın böyük oğlu öz
tarixi missiyasını yalnız iqtisadi inkişaf məsələləri ilə yekunlaşdırmadı. Ulu
Öndər öz misilsiz əməlləri ilə həm də xalqımızı mənəvi yüksəlişə ruhlandırdı.
Qeyd etdiyim kimi, sərt sovet ideologiyasına baxmayaraq, xalqımızın milli dəyərlərini,
hər bir azərbaycanlının milli heysiyyətini gücləndirmək, şanlı keçmişimizi,
soy-kökümüzü unutmamaq üçün mühüm tədbirlər həyata keçirdi.
Tarixi hadisələrin sonrakı
gedişi də sübut etdi ki, Heydər Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər gələcəkdə
milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin
bu ideya ətrafında səfərbər olması üçün şərait yaratdı. Həmin dövrdə
respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan
sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın
keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə
tanınmasına imkan verdi.
SSRİ-nin dağılmasından
sonra bütün respublikalar müstəqil oldular. Azərbaycan xalqı isə müstəqilliyə
qanı bahasına nail oldu. Digər xalqlardan fərqli olaraq, mərd oğul və
qızlarımız bu azadlıq uğrunda canını, qanını verdi. Lakin müstəqilliyimizin ilk
illərində hakimiyyətdə olan iqtidarların yarıtmaz siyasəti nəticəsində Azərbaycan
yenidən əsarət altına düşməyə, hətta parçalanmağa yaxın idi. Hakimiyyət çəkişmələri
torpaqlarımızın azadlığı uğrunda aparılan müharibəni də ikinci plana salmışdı.
Məhz belə bir vaxtda xalqın
harayına səs verib hakimiyyət sükanının arxasına keçən Heydər Əliyev növbəti dəfə
öz tarixi missiyasını həyata keçirdi. Bəli, məhz Heydər Əliyevin sayəsində Azərbaycanın
müstəqilliyi xilas olundu, xalqımızın bir daha əsarət altına düşməsinə imkan
verilmədi. Xilaskarlıq, daha sonra isə dövlət quruculuğu missiyasını böyük
uzaqgörənliklə, siyasi müdrikliklə yerinə yetirən Heydər Əliyev müasir Azərbaycan
dövlətinin banisinə çevrildi.
Bu gün Azərbaycan tarixinin
ən parlaq dövrünü yaşayır. Təsadüfi deyil ki, respublikamız iqtisadi
imkanlarına görə Cənubi Qafqazın aparıcı dövlətidir. Regionla bağlı bütün
qlobal iqtisadi təşəbbüslərin mərkəzində Azərbaycan dayanır, İlham Əliyevin sayəsində
bütün tranzit marşrutlar ölkəmizdən keçir.
Ölkəmizin ən mühüm nailiyyətlərindən
biri də Prezident İlham Əliyevin Ulu Öndərin müəllifi olduğu neft
strategiyasını uğurla davam etdirməsi və yeni mərhələyə qaldırmasıdır. İlham
Əliyevin lider qətiyyəti ilə Heydər Əliyevin neft strategiyası məntiqi
sonluğuna çataraq Xəzər neftini dünya bazarlarına çıxardı. Bu gün neftdən gələn
gəlirlər dövlətimizin inkişafına və xalqımızın rifahının yüksəlməsinə xidmət
edir. Eyni zamanda İlham Əliyev Xəzərdən hasil olunan mavi yanacağın Avropa
bazarlarına çıxarılmasını təmin etməklə Ulu Öndərin əsasını qoyduğu enerji siyasətini
daha da inkişaf etdirir.
İlham Əliyevin həyata
keçirdiyi siyasi kurs nəticəsində son 17 ildə Azərbaycanın bütün bölgələri
inkişaf edib, abadlaşıb. Ən mühüm nailiyyətlərdən biri də bütün vətəndaşların
sosial rifahının dəfələrlə yaxşılaşdırılmasıdır. Nəhayət, son aylarda baş verən
koronavirus pandemiyası bir daha göstərdi ki, Azərbaycan, sözün əsl mənasında,
güclü dövlətdir. Çünki qlobal reallıqlar təsdiq edir ki, hər dövlət COVID-19-la
təkbaşına mübarizə apara bilmir. Bunu 150-dən artıq dövlətin kömək üçün
Ümumdünya Səhiyyə Təşkilatına müraciəti də göstərir.
Heydər Əliyevin ən böyük
arzuları Azərbaycanın daha güclü dövlətə çevrilməsi, xalqımızın rifahının yüksəlməsi
idi. Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepiyasının əsasında da məhz bu
amillər dayanırdı. Yuxarıda qeyd olunanlar və ümumilikdə, 2003-cü ildən sonra
Azərbaycanda həyata keçirilən siyasətin nəticələri Heydər Əliyevin arzularının
və qarşıya qoyduğu vəzifələrin həyata vəsiqə aldığını göstərir. Ölkəmizdəki
bütün pozitiv yeniliklər və inkişaf göstərir ki, Azərbaycan Prezident İlham
Əliyevin rəhbərliyi ilə inamla gələcəyə doğru addımlayır.
Tariximizin Heydər Əliyev dövrü
Müşfiq Məmmədli, Milli Məclisin deputatı
İyulun 14-də xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişinin
51-ci ildönümü tamam olur. Məhz 1969-cu ilin bu tarixindən gələcəyin qüdrətli
Azərbaycan dövlətinin, xalqımızın milli intibahının, sosial tərəqqisinin təməli
qoyuldu. Həmin gündən indi barəsində qürur hissi ilə bəhs etdiyimiz Heydər
Əliyev epoxası başladı.
Bəli, Ulu Öndərin Azərbaycana
rəhbərliyə başladığı həmin gün dövlətçilik tariximizdə dinamik, hərtərəfli
inkişaf və intibah mərhələsinin başlanğıcı sayılır. Məhz həmin dövrdən
respublikamızda başlanan siyasi kurs, həyata keçirilən işlər Azərbaycanda böyük
sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı. Sovet rejiminin sərt
qanunlarına baxmayaraq, qısa zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi
altında Azərbaycanda bütün sahələrdə, o dövrlərdə digər respublikaların rəhbərlərinin
cəsarət etmədiyi, addımlar atıldı. Heydər Əliyevin ölkənin inkişafı naminə təşəbbüsləri,
ideyaları, novatorluğu, quruculuq əzmi o dövrün reallıqları ilə müqayisədə ölkədə
cəsarətli bir inkişaf siyasətinin başlanması demək idi.
Heydər Əliyevin yüksək təşkilatçılığı,
bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanda iqtisadiyyatın bütün sahələrində
vüsətli dəyişikliklər baş verdi və ölkəmiz ittifaq büdcəsindən dotasiya almadan
yaşayan respublikalardan birinə çevrildi. O dövrdə yaradılan güclü iqtisadi
potensial bu gün də müstəqil ölkəmizə xidmət edir.
Ulu Öndərin tarixi xidmətləri
sayəsində xalqımızın mənəvi dəyərlərinin qorunmasına xidmət edən genişmiqyaslı
tədbirlərin həyata keçirilməsi insanlarda milli ruhun və özünüdərkin oyanışını
şərtləndirdi. Bu baxımdan Ulu Öndərin sovet hakimiyəti dövründə Azərbaycana rəhbərliyini
ölkəmizin milli-mənəvi yüksəliş mərhələsi kimi də xarakterizə etmək olar. Sözün
bütün mənalarında həmin illərdə Azərbaycan xalqı özünə inamını bərpa etdi,
manqurtlaşmaqdan, yad mədəniyyətlərin təsirindənn tam xilas oldu. Xalqın
milli-mənəvi və mədəni dəyərləri özünə qaytarıldı. Və əlbəttə ki, bütün
bunların hamısı Heydər Əliyevin sayəsində mümkün oldu. O zamanlar milli düşüncə
sahibi olduqlarına görə təqib edilən ziyalıları ən çətin məqamlarda müdafiə etməyi
qanı, canı, bütöv ruhu ilə milli köklərə bağlı olan Heydər Əliyev şəxsiyyəti üzərinə
götürə bilərdi.
Tarixi reallıqlar təsdiqləyir
ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş
tariximizdə keyfiyyətcə yeni epoxanın, inkişaf mərhələsinin və ən əsası Azərbaycanı
müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər
Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-80-ci illər
respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil oldu.
Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmazdır. Ölkəmizə rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi yazılıb. Ötən il şəhər statusu verilməsinin 70 yaşı tamam olan Sumqayıta məhz Ulu Öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində yeni nəfəs verildi.
Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyev ona bəslənilən ümidləri layiqincə doğrulda bilib. Təsadüfi deyil ki, sovet illərində olduğu kimi müstəqillik dövründə də məhz Heydər Əliyevin sayəsindən Azərbaycan bütün təbəddülatlardan xilas olmağı bacardı. Bu mənada ötən ay 27-ci ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü müasir tariximizə Heydər Əliyev epoxasının əlamətdar hadisələrindən biri kimi düşdü. Əgər Ulu Öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdandan müasir Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu Öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə yerindəcə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, müasir Azərbaycan dövləti quruldu.
Aradan ötən illər bizə Heydər
Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti
üzrə daha dərindən dərk etmək imkanı verir. Biz bu gün Azərbaycanın qürurverici
yüksəlişindən söz açanda uğurlarımıza yol açan strategiyanın müəllifi olan Ulu
Öndər Heydər Əliyevi ehtiramla anırıq. Azərbaycana ilk dəfə rəhbərliyə
başlamasının 51-ci ildönümündə biz Heydər Əliyevin xalqımız və dövlətimiz
qarşısındakı xidmətlərinə nəzər salır və bir daha görürük ki, tariximizin Heydər
Əliyev dövrü müasir Azərbaycan dövlətçiliyinin əsaslarının yaradılması, dövlət
müstəqilliyimizin təmin olunması və yüksəlişi mərhələsidir.
Bu gün Heydər Əliyev öz
ideyaları ilə, xalqımızın və dövlətimizin inkişafına xidmət edən siyasi
kursunun davam etdirilməsi ilə milyonların qəlbində yaşayır. Ulu Öndərin müəllifi
olduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla həyata
keçirilməsinin nəticəsi olaraq ötən 17 ildə Azərbaycanın dövlət müstəqilliyi
daha da möhkəmləndirilib, respublikamız beynəlxalq aləmdə nüfuzlu söz sahibinə
çevrilib, ölkədə tarazlı və davamlı inkişaf təmin olunub.
Heydər Əliyevin siyasi
kursunun ən layiqli davamçısı kimi Prezident İlham Əliyev bütün sahələrdə
inkişafa nail olmaqla Azərbaycanı Ulu Öndərin müəyyən etdiyi hədəflərə
çatdırır. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın
regionun liderinə, dünya miqyasında isə söz sahibinə çevrilməsi bu siyasətin
alternativsizliyini təsdiq edir.
0 Комментарии