Blogger Mehman Hüseynov məmurların
bahalı həyat tərzləri, avtomobilləri və var-dövlətləri ilə bağlı
araşdırmalarını davam etdirir. JAMAZ.İNFO xəbər verir ki, blogger bu gün daha
bir məmurla bağlı araşdırmasını yayıb.
Belə ki, bu dəfə hədəfdə Bakı Metropoliteninin
rəisi Zaur Hüseynovdur. O qeyd edir ki, sözügedən şəxs 2014-cü ildə Bakı
metropoliteninin rəisi vəzifəsinə təyin olunub. “Vəzifəyə gələndən 1 il sonra,
yəni 2015-ci ildə, Zaur Hüseynovun həyat yoldaşı artıq özünə qiyməti 150.000
manat olan “Porsche Cayenne” almışdı (90-LL-090). Oğlu Həbib Hüseynov isə həmin
vaxtlar Chevrolet Camaro markalı maşınında gəzirdi (90-HH-090)”.
Mehman Hüseynov xatırladır ki, 2018-ci ildə
metronun gediş haqqı qaldırıldı və o zaman Zaur Hüseynovun oğlu Həbib Hüseynov
artıq maşınını dəyişdirib, özünə yeni “Mesrsedes Benz G63 AMG” almışdı. “Bakı
küçələrində yenə özünə məxsus nömrə nişanı ilə dolaşır (90-HH-090)”.
Blogger araşdırmaları zamanı
Zaur Hüseynovun şəxsi maşınını da tapa bilib. “Bu, qiyməti 255.000 manat “Range
Rover Velar Byron” markalı, 90-ZZ-090 dövlət nömrəli maşındır. Eyni anda biz
Zaur Hüseynovun həyat yoldaşının təzə maşınını da təsadüfən tapmışıq. Çünki
maşın dayanacağında ər-arvad maşınlarını yan yana saxlayır. Həyat yoldaşı
2020-ci ildə qiyməti 240.000 manat olan “Range Rover” maşını sürüb”.
Lakin Hüseynovların avtomobil həvəsi bununla
yekunlaşmayıb. Belə ki, 2020-ci ildə onun “Range Rover” sürən həyat yoldaşı
2021-ci ildə özünə 300.000 manata olan “Porsche Cayene turbo S” model maşın
alıb. Təbii ki, özünə məxsus 90-LL-090 nömrə ilə.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Zaur
Hüseynov və ailə üzvlərinin idarə etdikləri avtomobillərin dəyəri toplam 1
milyon manatdan bahadır. Aylıq 1300 manat maaşla bu maşınları almaq mümkün
deyil. Hətta uzun müddətli kredit hesabına da bu bahalıqda maşınları almaq
mümknüsüzdür. O zaman sual ortaya çıxır: Bu qədər pul aylıq 1300 manat maaş
alan Zaur Hüseynovda haradandır? Bu suala cavab verəcəkmi? Təbii ki,
verməyəcək. Hətta cavab versə belə, həmin avtomobillərin onlara məxsus olduğunu
inkar edəcək. Ya da bəzi məmurlar ki, oğlunun “uğurlu biznesmen” olduğunu
söyləyəcək. Lakin bunlar heç nəyi dəyişmir. Hər şey göz qabağındadır. Yəni,
bütün bunlar doğru yolla qazanılmış pullar sayəsində ərsəyə gəlməyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
0 Комментарии