.

.

Məktub yetişdi, amma...

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova müraciətimlə əlaqədar elekton poçtuma cavab göndərilib. Cavab məktubu belə bir sözlə başlayır: “Saam”. Mənası anlaşılmayan bu sözlə Şahin Məmmədov nə demək istəyir? Bəlkə “Salam” yazmaq istəyib. Rəsmi məktub üçün məqbul hesab edilməyən bu müraciət formasını nəzərdə tutubsa, bir sıravi vətəndaş kimi mənim icra başçısı Şahin Məmmədovla  indiyə qədər heç bir salam-əleykim olmayıb və onu şəxsən tanımıram.

Cavab məktubu Masallı Rayon İcra Hakimiyyətin e-poçtundan daxil olsa da göndərənin adı, familiyası, vəzifəsi göstərilməmişdir. Baxmayaraq ki, müraciətimlə əlaqədar özünü icra hakimiyyətin işçisi kimi təqdim edən Əlimərdan adlı şəxs mənə zəng vurub. Ancaq icracı şəxs haqqında məktubda məlumat yoxdur.  Müraciətimi Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova ünvanladığım üçün, ona görə də cavabın da onun tərəfindən yazılmasını ehtimal edirəm.

Şahin Məmmədov bilməlidir ki, vacib məsələlərdən biri rəsmi məktubun mətnidir. Tərtib olunan rəsmi məktub həm də rayon icra hakimiyyətinin simasıdır. Məktub işgüzar etiketə uyğun olaraq rəsmi müraciətlə başlamalı və nəzakət çərçivəsində bitməlidir. Əgər məktub mənə ünvanlanıbsa, niyə adım və familiyam yazılmayıb? Bu qüsur həm də e-poçtun iş etiketində yolverilməzdir. Görünür, qarşı tərəfin  yazılı ünsiyyətində yüksək savadlılıq çatışmır. Axı ən kiçik səhv, qaydalara uyğun olmayan uyğunsuzluq rəsmi məktubu qanuni olmayan bir işə çevirə bilər.

Müəmmalı məsələlərdən biri də Masallı Rayon İHB-nın Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təsərrüfatbaşı kitabların on bir il dövlət arxivindən gizlədilməsi faktının üzərindən sükutla keçilməsidir.



İcra hakimiyyətin məktubundakı orfoqrafik, qrammatik, üslub və digər səhvlərin mövcudluğu həmin sənədi tərtib edən şəxsin  qeyri-peşəkarlığından qaynaqlanır. Əvvəla “Masallı rayon Dövlət Arxivi idarəsi” yox,  hüquqi adı “Masallı Rayon Dövlət Arxivi” yazılır. Masallı Rayon Dövlət Arxivinin 06 sentyabr 2021-ci il tarixli A-356 nömrəli məktubuna istinadən bunu yazıram. Hesab edirəm ki, bu inversiya cavab məktubu yazanın Azərbaycan dilini mükəmməl bilməməyindən irəli gəlir.

Ən acınacaqlısı odur ki, icra hakimiyyətin rəsmi məktubunda əraziləri sayılan kəndin adı təhrif edilmişdir. Sözü gedən kəndin adı “Bədalan” yox, “Bədəlan”dır. Bu yanlış ifadə forması icra hakimiyyətin həmin məktuba cavabdeh şəxsi üçün bağışlanmaz səhvdir!

Şahin Məmmədovun nəzərinə çatdırıram ki, hər kəs istədiyi (bildiyi) kimi yaza bilməz. Yazı təlimində fərdi münasibət yoxdur, burada hakim yalnız orfoqrafiya qaydalarıdır. Elə bu fərdiçiliyin (özfəaliyyətin) qarşısının alınması üçündür ki, ”Azərbaycan dilinin orfoqrafiya qaydaları” Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur.

Və rəsmi məktubun ilk növbədə sənəd olduğunu unutmaq olmaz.  Buna görə də, tərtib qaydalarına laqeydlik göstərməklə icra hakimiyyətin nüfuzuna xələl gətirmiş olursunuz. Rəsmi məktubun  quruluşu, təqdimat tərzi müasir sənəd idarəçiliyinin ümumi qəbul edilmiş prinsiplərinə uyğun olmalıdır.

Ədalət Abdinov

Отправить комментарий

0 Комментарии