Birinci dəfə Prezident İlham Əliyevin elektron
poçtuna yazdım. Aylar ötdü, cavab gəlmədi.
İkinci dəfə Prezident İlham Əliyevə “Azərpoct”un
sifarişli vasitəsi ilə kağız formada müraciət etdim. Aylar ötdü, cavab gəlmədi.
Üçüncü dəfə Prezident
İlham Əliyevin elekton poçtuna yazdım ki, müraciətimə niyə cavab verilmir? Yenə
də həmin dalğa, həmin koordinat – cavab gəlmədi.
Cavab üçün nəzərdə tutulan vaxt və müddətdən xeyli
ötəndən sonra başa düşdüm ki, haqlı müraciətim, icrasına cavabdeh dövlət
qulluqçusu tərəfindən baxılmamış, diqqətdən kənarda qalmışdır. Vətəndaş olaraq, mənim Konstitusiya hüquqlarımın təminatçısı
ölkə Prezidentidir və ona ünvanladığım müraciət cavabsız qalmamalı idi.
Tam əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən vətəndaşların müraciətlərinin araşdırılmasını diqqət mərkəzində saxlayır və həmin sahədə dövlət orqanları və qulluqçuları qarşısında mühüm vəzifələr qoyur. Bu da həqiqətdir ki, Prezident ona ünvanlanmış minlərlə ərizə, şikayət, rəy və təkliflərə baxmağa fiziki gücü çatmaz. Bunun üçün Prezidentin Administrasiyasının yaxşı maaş alan, kifayət qədər işçisi var.
Əgər vətəndaşın dövlət başçısına müraciəti
cavabsız qalırsa, demək Prezident Administrasiyasında müraciətlərin qəbulu,
qeydiyyatı və onlara baxılması qaydasında nəzarətsizlik var. Vətəndaş müraciətinə
laqeydlik isə bağışlanmaz haldır, "Vətəndaşların müraciətlərinə
baxılması qaydası haqqında" Qanunun və dövlət başçısı tərəfindən təsdiq
edilmiş müvafiq normativ hüquqi aktların kobud şəkildə pozulması deməkdir.
Bir daha qeyd edirəm, bu onu təsdiq edir ki, Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti qənaətbəxş deyil, bununla əlaqədar aidiyyatı rəhbər işçilərdən məsuliyyət, cavabdehlik tələb olunmalıdır. Şikayət məktubuma baxmalı olan məmur öz vəzifə borcunu yerinə yetirməmiş, haqlı tələbimə diqqət və qayğı göstərməmiş və beləliklə, öz məsuliyyətini dərk etməmişdir. Təbii ki, sağlam zəmində qurulmuş Prezident - vətəndaş münasibətlərinə xələl gətirən belə xoşagəlməz hallarala, laqeydlik motivləri ilə bu sahədə fəaliyyətin yaxşılaşdırılması mümkün deyil.
Bir daha təəssüf edirəm ki, Prezident Administrasiyasında şikayətimlə
bağlı nəzarət və icra intizamı olmamış, etika xətrinə bir quru cümlə ilə də olsa cavab yazılmamış, bununla da təkrar
müraciət etməyimə şərait yaradılmışdır.
Ədalət Abdinov
0 Комментарии