Prezident İlham Əliyev yeni təhsil naziri təyin edib. Bu, 38 yaşlı Emin
Əmrullayevdir. Dövlət başçısı onu qəbul edərkən bu təyinatı gənclərə
göstərilən etimadın növbəti təzahürü kimi dəyərləndirib.
Keçmiş təhsil naziri Firudin Cəlilov "Azadlıq" radiosuna deyirb ki, "38
yaş gənc deyil, elə əsl vaxtıdır". O, yeni naziri tanımadığını, buna görə
də onun fəaliyyəti ilə bağlı şərh verə bilməyəcəyini söyləyir və "bir az
işləsin, görək, onda bir söz demək olar", - deyə əlavə edib.
Təhsil eksperti Kamran Əsədov bu təyinatla Azərbaycanda yeni bir təhsil
naziri imicinin formalaşacağını bildirib və E.Əmrullayevin vəzifə hərisi
olmadığını qeyd edir, onu səmimi, işgüzar, yenilikçi biri kimi təqdim edir:
"Təhsil sahəsində 6 illik fəaliyyəti dövründə kifayət qədər fərqli yanaşmalar
ortaya qoyub. Bu gün Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda əldə
etdiyi medallar birbaşa onun bu sahədəki fəaliyyətinin nəticəsidir. Təhsildə
keyfiyyətin artırılması, liseylərə qəbul kimi məsələlərdə müsbət işlərini
görmüşük. 6 ildə Təhsil Nazirliyinin aparatında korrupsiya faktı sıfıra
enmişdi. Düzdür, bölgələrdəki məktəblərdə bu tipli xoşagəlməz hadisələr olsa
da, nazirlik buna qarşı açıq mübarizə aparırdı".
K.Əsədovun yeni nazirdən gözləntisi az deyil: müəllimlərin sosial rifahı
yaxşılaşdırılmalı, onlara bəzi güzəştlər edilməli, vətəndaşların
müraciətləri tez və qaneedici cavablandırılmalıdır. Eyni zamanda, o, yeni
naziri əvvəlki həmkarları kimi yalnız məktəb açılışlarında görmək
istəmədiyini, təhsil müəssisələrinə qəfil gedərək problemləri yerində
araşdırmasının vacibliyini də vurğulayır.
Başqa bir təhsil eksperti Nabatəli Qulamoğlu E.Əmrullayevi yaxından
tanımasa da, onun işində pozitiv məqamlar gördüyünü qeyd edir: "Ümumi
fikrim budur ki, yeni təyinat təhsildə Mikayıl Cabbarov tərəfindən
başlanan xəttin davamıdır. Mikayıl Cabbarovu kimin necə tənqid etməsindən
asılı olmayaraq, təhsilə yeniliklər gətirmişdi. Həmin yeniliklərin davamı
gözlənilə bilər. Əmrullayev görüşlərdə mənə yaxşı təhsil bağışlayıb,
ünsiyyətcildir, onu ədalətli görmüşəm".
N.Qulamoğlunun fikrincə, Azərbaycanda nazir problemi yoxdur, təhsilin
ictimai-siyasi komponenti, sistem problemi var. Ona görə də yeni nazirdən
gözləntilərini dilə gətirməzdən öncə sual edir: "Görək, Əmrullayevə
işləməyə nə dərəcədə imkan veriləcək? Məsələn, Ceyhun Bayramova işləməyə
qəti imkan verilmədi. Onun fəaliyyətini görmədim. Ümid sonda ölür. Ümid
edək ki, Emin Əmrullayevə imkan versələr, təhsildə yaxşı işlər görə
biləcək" (azpolitika.info)
0 Комментарии