Bədəlan kəndindəki keçmiş çay fabrikinə məxsus evlərin Masallı Rayon
İcra Hakimiyyətinin cavabdeh şəxslərin laqeydliyi nəticəsində nəzarətsiz
qalması barədə haqlı şikayətim aidiyyəti dövlət orqanları tərəfindən həll
olunmayandan sonra 10 iyun 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə ərizə ilə (ondan əvvəl elektron poçtla) müraciət etdim.
Qanunla müəyyən olunmuş müddətdə müraciətimə cavab almadığıma görə cənab
İlham Əliyevin elekton poçtuna təkrar yazdım. Cavabın gəlmədiyini
görüb, Prezident Administrasiyasında məktubun itməsi şübhəsi ilə mətbuatda çıxış etdim.
Məsələnin ictimailəşdiyini görən Prezident Administrasiyasında məktubun
icrasına adı mənə məlum olmayan cavabdeh şəxs hərəkətə gəlmiş və təxminən üç
aydan sonra (?!) Masallı RİH başçısının müavini Adəm Məhərrəmov
problemin həllinə qanunsuz münasibətindən şikayət etdiyim Masallı
RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılovun mənə
yazdığı 23.09.2019-cu il tarixli M-06-2137 məktubunun üzünü köçürdüb təzədən
ünvanıma göndərib.
Prezident Administrasiyasında məktubun icrasına cavabdeh şəxs ərizəmdəki
əsaslı tələblərimi ört-basdır etmək məqsədilə və ya digər hər hansı maraqdansa Masallı RİH
başçısının müavini Adəm Məhərrəmovun bu başdansovdu cavabı ilə razılaşıb.
Beləliklə, qanuni tələbim öz həllini tapmayıb. Necə deyərlər, bu da sənə
cavab!
Dövlət başçısına şikayət ərizəmin Prezident Administrasiyasında təxminən
üç ay cavabsız qalması və bu kobud qanunsuzluq barədə mediada
çıxışımdan sonra mənə şablon cavab verilməsi Prezident Administrasiyasında məktubun
icrasına cavabdeh şəxsin Masallı Rayon İcra Hakimiyyətində hərəkətindən
şikayət eydiyim vəzifəli şəxslə əlbir olması ehtimalını yaradır. Mahiyyətini
bir neçə saat ərzində müəyyənləşdirilməsi mümkün olan məsələnin
aydınlaşdırılmasının heç bir əsas olmadan üç ay uzadılması bu qənaətə gəlməyə əsas
verir.
Prezident Administrasiyasında məktubun icrasına cavabdeh şəxs tərəfindən Azərbaycan Respublikası Prezidentinin 10 avqust
2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Pqoqramı”nın
8.1-ci bəndinə və 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramı”nın 6.10-cu bəndinin Masallı rayonunun Bədəlan kəndindəki
keçmiş çay fabrikinə məxsus yaşayış evlərin timsalında açıq-aşkar pozulması
faktına göz yumulmuşdur.
Sözü gedən binalarda təxminən 16 kasıb ailə yaşayır. Evi sovet hökuməti
onlara pulsuz verib. Masallıda dəyişən icra başçıların laqeydliyi sayəsində 50 ildən çox yaşadıqları mənzilləri sakinlər bu
gün rəsmiləşdirə bilmirlər və işin gedişatı da göstərir ki, rayon rəhbərliyi buna maraq göstərmir. Halbuki qanun onların mənzil hüququnun tanınmasını tələb edir!
Və bu haqlı tələblə vətəndaş məktubunun Prezident Administrasiyasında
üç ay yatması qanunsuzluqdur. Vətəndaşların məbəd kimi görmək istədiyi
Prezident administrasiyasında belə neqativ hallar olmamalı idi.
Ümid edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tabeliyində olan administrasiyada bu məsələni araşdıracaq və cavabdeh şəxslər
barədə ciddi tədbir görəcəkdir.
0 Комментарии