Bəs kimdi Əliş, bu
məşhur ironiyalı sitat haradan götürülüb?..
Sualın cavabını bəziləri
bilir, bilməyənlərin isə diqqətinə çatdıraq ki, “Bəs qızına elçi göndərəndə
Əlişə atam deyirdin?” kinayəli ifadə ilk dəfə 1964-cü ildə ekranlaşdırılmış
“Ulduz” filmində səsləndirilib.
Söhbət Əməkdar
artist Əzizağa Qasımovdan gedir…
Əzizağa Qasım 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan
olub. 1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinifinə
gedib. Yeddici sinifi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar
işləməyə məcbur olub, həmçinin 4 saylı sənət məktəbində oxuyub.
Əzizağa Qasımov 1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq
Azərbaycan Dövlət Teatr İnstitutunun (indi ki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi
bağlanıb. Və Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub, oranı
1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik Milli Teatrın yardımçı heyətində
çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik
etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950-1953).
Yəqin ki, çoxları bilmir ki, “Bəxtiyar” filmində “Dörd dost-dörd ürək”
mahnısının ifaçılarından biri Əzizağa Qasımov olub.
Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov texnikumu bitirən ili sənədlərini
Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan
uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasına qəbul edilib. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda
kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya bəzi gənc
vokalçıları da dəvət edib. O zaman ikinci kursda oxuyan Əzizağa Qasımov teatrın
aktyor truppasına solist kimi dəvət olunub və ömrünün sonuna kimi bu kollektivlə
çalışıb.
Teatrda çalışdığı üçün Konservatoriyadakı təhsilini də yarımcıq qoyub.
Ə.Qasımov teatrda çalışa-çalışa bir müddət Əbilov adına klubda dram dərnəyinə də
rəhbərlik edib.
Əzizağa Qasımovun səs tembri bariton idi, cingiltili və gur ahəngi ilə
seçilirdi. Nəfəsi geniş, ləhcəsi aydın və ifadəli dinlənilirdi. O uzun illər
Musiqili Komediya Teatrında həm mürəkkəb partiyaları oxuyub, həm də xarakterik
rollar ifa edib. Əzizağa Qasımov teatr yaradıcılığı ilə yanaşı, bir sıra kino və
televiziya tamaşalarında da çəkilib.
“Azərbaycanfilm”in istehsalı olan "Ulduz" filmində Əliş
kişi, "Musiqi müəllimi" filmində coğrafiya müəllimi bu rollar
sırasınaa daxildir.
Əzizağa Qasımovun rol aldığı ən məşhur televiziya tamaşalarından biri “Adı sənin,
dadı mənim”dir. Bu tammetrajlı televiziya tamaşasında o Həmzə rolunu böyük
məharətlə ifa edib.
Maraqlı yaradıcılıq bioqrafiyası yaratmış Əzizağa Qasımov özünəməxsus səs
tembrinə malik idi. Bir sıra filmlərdə ayrı-ayrı rolların səsləndirilməsində -
dublyajda iştirak edib.
Məsələn, “Uşaqlığın son gecəsi”ndə ət oğurluğuna gedən “Zil” sürücüsü, “Tütək səsi”ndə
Zahid kişi, “Qanun naminə”də banda başçısı, “Nəsimi”də Qara əmi, “Qaraca qız”da
Səlim bəy, “Uzaq sahillərdə” partizanlardan biri məhz Əzizağa Qasımovun səsi ilə
danışıblar.
Bəzən biz filmlərin qəhrəmanlarını təkcə viziual görünüşünə görə deyil, səslərinə
görə də xatırlayırıq. Milli kinomuz bu baxımdan yaddaqalan səslərdən xali
deyil. Bax, Əzizağa Qasımovun səsi həmin səslərdəndir... O səs bu gün də
yaddaşlardan silinməyib...
Ə.Qasımov səhnə fəaliyyətinə
görə 1982-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Ötən əsrdən bizə yadigar qalan filmlərə və televiziya tamaşalarına baxanda əvəzolumaz
aktyorun xoş siması və peşəkarlığı istər-istəməz diqqəti cəlb edir. Əzizağa
Qasımov özünün səhnə bacarığı, xüsusilə də bənzərsiz səsi ilə tamaşaçını
ovsunlamağı bacaran sənətkarlardan olub. Bir çox tamaşalarda o, həm ciddi, həm
də komik obrazları məharətlə canlandırıb.
Sənət dostlarının Əzizağa Qasımovla bağlı xatirələrində o, ünsiyyətcil, mülayim
xasiyyətli, söz-söhbətdən uzaq, xeyirxah, gənclərə yol göstərən, bilik və
bacarıqlarını onlardan əsirgəməyən insan kimi xarakterizə olunur.
Məhz bariton səs tembrinə görə onu Opera və Balet Teatrına işə dəvət ediblər,
amma Əzizağa Qaslmov çalışdığı Musiqili Komediya Teatrını tərk etməyi düşünməyib,
bu sənət ocağına ömrünün sonunadək sadiq qalıb.
Ə.Qasımovun ən məşhur rollarından biri “Ulduz” filmindəki Əliş kişi
obrazıdır. O, bu rolu məharətlə ifa edərək, Azərbaycan tamaşaçısının yaddaşında
silinməz iz buraxıb.
Aktyor iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı yanaraq faciəvi
şəkildə dünyasını dəyişib.
Teatr və kino sənətimizin unudulmaz simalarından olmuş Ə.Qasımov 18 fevral
1985-ci ildə 57 yaşında Bakıda vəfat edib və Yasamaldakı köhnə qəbiristanlıqda
dəfn olunub.
Yazını “Ulduz” filmindən Əliş kişi haqqındakı o məşhur dilaqola
yekunlaşdırır və ekran əsərindən iki maraqlı videoparça təqdim
edirik.
“Kolxiz sədri Qədirlə Bayram kişinin arasındakı məşhur dialoq:
Qədir:
- Aktivi yığ, onu
da çağır. Nədir o, eee... qoca atası da var, eee!
Bayram:
- Əliş kişini
deyirsən?
Qədir:
- Əliş?! Əliş
kimdir?
Bayram:
- Bəs qızına elçi göndərəndə Əlişə atam deyirdin?
- Məni cin atına mindirmə Bayram kişi!” (modern.az)
0 Комментарии